Xəbərlər
İlham Zəkiyevin "Azərbaycan" qəzetinə müsahibəsi
2013-10-12

İlham Əliyev gözümüzə işıqdır

İlham ZƏKİYEV,

"Şöhrət" ordenli ikiqat paralimpiya çempionu:

  Azərbaycan kimi ölkədə idmançı olmaq çox şərəflidir. Əldə etdiyim uğurların arxasında xeyli gərgin məşqlər, bir də xalqımın arzusu, xeyir-duası dayanıb. Bu qələbədə mənə dəstək olan "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, Milli Paralimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinə minnətdaram. Amma ən böyük himayədarım ölkə başçısına xüsusi təşəkkür edirəm. Nə yaxşı ki Azərbaycanın İlham Əliyev kimi idmansevər Prezidenti var. Əldə etdiyim uğurlara görə ilk növbədə, xalqımıza və İlham Əliyevə minnətdaram. Bir insan və idmançı kimi taleyim elə gətirib ki, bu diqqət, qayğı olmadan nəinki idmanda nailiyyətlər qazanmaq, hətta yaşamaq belə çətin olardı.
 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Hərbi xidmət vaxtı kəşfiyyatçı idim. 1999-cu ildə Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən, erməni snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib sağdan çıxdı. Nəticədə hər iki gözümün işığından məhrum oldum. Milli Paralimpiya Komitəsinin köməyi sayəsində idmana qayıtdım. O vaxt Milli Olimpiya Komitəsinin prezidentinə - möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səhhətimlə bağlı müraciət etdim. O, məni Moskva şəhərinə yolladı. Orada tam müayinədən keçdim. Həkimlər dedi ki, sənin müalicən bugünkü tibdə mümkün  deyil. Amma ruhdan düşmədim.
 Gərgin məşqlərin nəticəsində əvvəlcə 2004-cü il Afina, sonra isə 2008-ci il Pekin paralimpiadalarında qızıl medal qazandım. Bunlarla yanaşı, iki dəfə Avropa və dünya çempionu oldum,  Pekin paralimpiadasında ilk dəfə Azərbaycan himnini səsləndirmişəm. Bir idmançı kimi özümü çox xoşbəxt hiss edirəm. Hər bir idmançıya da bu hissləri yaşamağı arzulayıram.
 Artıq xeyli vaxtdır Sumqayıtda Paralimpiya Kompleksi də istifadəyə verilib. Onun açılış mərasiminə ölkə Prezidenti İlham Əliyev qatılmışdı. Cənab İlham Əliyev Sumqayıt şəhərində biz idmançılara MDB ölkələrinin hələ heç birində olmayan, beynəlxalq standartlara uyğun yeni Olimpiya kompleksini hədiyyə etdi. Mərasim çərçivəsində bizim paralimpiya oyunlarına yolasalma mərasimi də keçirildi. Prezidentimiz bizə öz tövsiyələrini verdi. Həmin tövsiyələrin nəticəsidir ki, Pekin paralimpiadasında Azərbaycanı təmsil etmiş 18 idmançı 10 medalla - 2 qızıl, 3 gümüş, 5 bürünc medalla qayıtdılar.  Bu qələbələrimin nəticəsidir  ki, "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" fəxri  adına, "Tərəqqi" medalına, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" mükafatı laureatı adına layiq görülmüşəm.  Milli Paralimpiya Komitəsinin kapitanıyam.  Paralimpiya oyunları zamanı, iki dəfə - Pekində də,  Londonda da  bayrağımızı qaldırmaq kimi şərəfli bir vəzifəni mənə həvalə etmişdilər. Toyum olanda  respublikamızın  Prezidenti cənab İlham Əliyev mənə təbrik məktubu göndərmişdi. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən biz idmançılara çox dəstək oldu. Ulu öndər Heydər Əliyev idmançıları qəbul edəndə gözəl bir söz demişdi: "Mən başqa elə bir sahə tanımıram ki, Azərbaycanın dövlət  atributlarını idman sahəsində olduğu qədər  təmsil eləsin".
 Mən olimpiya oyunlarında qalib gələn zaman bayrağımız qaldırılanda, himnimiz səsləndiriləndə ürəyim fərəhdən yerə-göyə sığmırdı. Azərbaycan idmançısı qalib gələndə iştirakçılar istər-istəməz gedib xəritədə Azərbaycanı axtarıb tapacaq, azərbaycanlılar barədə məlumatlanmağa çalışacaqlar. Görəcəklər ki, Azərbaycan haradır, necə yerdir və onun necə güclü  övladları var. Azərbaycan idmançılarının bəxti onda gətirib ki, onların İlham Əliyev kimi Prezidenti var. Cənab Prezident olimpiyaçılarımızı şəxsən, bir-bir tanıyır, hər bir problemlərimizlə yaxından maraqlanır.  2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında qalib gələndə  cənab Prezidentin tapşırığı ilə mənə yeni mənzil hədiyyə edildi. 2008-ci ildə  Pekin Paralimpiya Oyunlarının qalibi olanda isə mənə zəng gəldi ki, cənab Prezident sənə maşın hədiyyə edir, hansı rəngi bəyənirsən?  Bakıdan Sumqayıta Nissan-Pathfinder maşınını evakuatorla qapımıza gətirdilər, sürə-sürə yox ha... Dedilər, cənab Prezident deyib ki, qoy,  İlham  maşının qapısını açıb sükanın arxasında ilk dəfə özü otursun.
 Rəhbərlik tərəfdən belə diqqət, qayğıkeş, həssas münasibət yarışlarda qalib gəlməyim üçün mənə çox böyük stimul verir. Hər dəfə biz idmançılar yarışlardan vətənə dönəndə cənab Prezidentimiz bizimlə görüşür, təbrik edir, qiymətləndirir,  hər bir qələbəmizi  fərəhlə qarşılayır. Bu da  gələcək yarışmalarda qalib gəlmək üçün bizə ruh verir.
Qarşıda çoxlu planlarım var. Ən böyük məqsədim 2016-cı ildə RİO-da keçiriləcək növbəti Paralimpiya Oyunlarına, ondan əvvəl isə Avropada keçiriləcək olimpiya oyunlarına ciddi hazırlaşıb vətənə qalib kimi qayıtmaqdır.
Biz idmançıların yaxın dostu olan İlham Əliyev cənablarını  hər zaman dəstəkləyirik. Çünki  idmana, gənclərə qayğı, millətin gələcəyinə qayğı deməkdir. Bu gün gənclərə qayğıdan danışanda ilk olaraq Prezidentimiz İlham Əliyevin gördüyü xeyirxah işlər yada düşür. Bu xeyirxah işlərin davamı üçün digər idmançılarımız kimi mən də yenidən ölkə başçımıza səs verdim.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013