Xəbərlər
BP şirkəti paralimpiyaçılarımıza dəstək verir
2013-12-19

    19 dekabr 2013-cü il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin BP şirkəti ilə rəsmi tərəfdaşlıq çərçivəsində Sumqayıt Paralimpiya İdman Kompleksində "Paralimpiya İdman Festivalı" keçirilmişdir. Festivalın keçirilməsində əsas məqsəd əlil idmanı və Paralimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları və gəncləri Paralimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.
    Festivalda  Azərbaycan Milli Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, BP şirkətinin, Milli Olimpiya Komitəsinin, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin, həmçinin digər təşkilatların rəsmiləri iştirak edirdi. Eyni zamanda Festivalda Paralimpiya çempionları İlham Zəkiyev, Oleq Panyutin, Oluxan Musayev və digər paralimpiyaçılar iştirak edirdi
    Festivalı giriş sözü ilə açan Milli Paralimpia Komitəsinin vitse prezidenti Şaiq Həmidov ölkədə idmana və bədən tərbiyyəsinə olan dövlət qayğısından, cənab İlham Əliyevin bu sahəyə, xüsusən paralimpiya hərəkatına verdiyi dəstək barədə geniş danışdı. O, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti və əldə olunmuş nəailiyyətlər, o cümlədən AMPK-si ilə BP şirkətinin əməkdaşlığı haqqında məlumat verdi.
    Daha sonra BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xarici Əlaqələr və Təhlukəsizlik üzrə vitse-presidenti Hüseyn Məmmədov çıxış etdi. O, Milli Paralimpiya və Olimpiya Komitələri ilə olan rəsmi tərəfdaşlığın şirkət üçün olan əhəmiyyətindən və vacibliyindən danışdı. H.Məmmədov London 2012 Oyunlarından sonra da Paralimpiya hərəkatına dəstəyin davam etdirildiyini və bu dəstəyin 2016-cı ilə kimi dəvam edəcəyini qeyd etdi.Çıxışının sonunda  H.Məmmədov BP şirkəti adından Ford tipli mini avtobusun açarlarını və 14 əlil arabasını Milli Paralimpiya Komitəsinə təqdim etdi.
    Sonra Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov və ikiqat paralimpiya, ikiqat dünya və beşqat avropa çempionu İlham Zəkiyev çıxış edərək paralimpiya hərəkatının inkişafı və bu sahəyə olan dövlət qayğısı haqqında danışdılar.
    Rəsmi çıxışlardan sonra meydançaya gənc idmançılar və sənətçilər  dəvət olundular. Onlar nümunəvi idman növləri  və bir-birindən gözəl şux musiqi nömrələri ilə tədbir iştirakçılarına bayram əhval-ruhiyəli bir gün yaşatdılar.
    Tədbirin sonunda Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov  Paralimpiya hərəkatının inkişafında və Paralimpiya dəyərlərinin təbliğində göstərdikləri dəstəyə görə BP Azərbaycan şirkətinə, Sumqayıt Gənclər və İdman Baş İdarəsinə, Sumqayıt Paralimpiya İdman Kompleksinə və "İnkişaf Naminə İdman" ictimai birliyinə Milli Paralimpiya Komitəsinin diplomlarını təqdim  etdi.
    Tədbirdən sonra Milli Paralimpiya Komitəsinin işçiləri və idmançıları ilə BP şirkətinin nümayəndələri arasında görüş keçirilmiş və gələcək əməkdaşlıq barəsində müzakirələr aparılmışdır.


 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013