Xəbərlər
“Sport Time” jurnalının ilk buraxılışı işıq üzü görüb.
2015-04-30

Ölkədə idman və Olimpiya Hərəkatının inkişafını təbliğ edən idman nəşrlərinin siyahısına biri də əlavə olunub: "Sport Time"ın ilk buraxılışı işıq üzü görüb. Jurnalın ilk nömrəsi iyunda ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına həsr olunub. Jurnalda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin I Avropa Oyunları ilə bağlı nitqi, Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızla görüşü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti və diğər mövzular yer alıb. Jurnalda, həmçinin, "Milli ruh, milli geyim", "Mənim qardirobum" rubrikaları da oxuculara təqdim edilib. Bu rubrikalarda idmançılar oxuculara maraqlı obrazlarda təqdim olunublar. Bundan başqa jurnalda Olimpiya İdman Komplekslərinin fəaliyyəti, müxtəlif idman növləri ilə məşğul olan idmançılar barədə məlumatlar da yer alıb.
"Sport Time" jurnalının baş redaktoru yazıçı-jurnalist Jalə Rzabəylidir. Jurnal iki aydan bir idmansevərlərin görüşünə gələcək. Geniş oxucu kütləsinin və idman yarışlarında iştirak edən əcnəbi qonaqların marağını çəkmək məqsədi ilə bəzi rubrikalar ingilis dilində təqdim olunub. Jurnalın növbəti saylarında bu ənənə davam etdiriləcək və rusdilli oxucular da nəzərə alınacaq. İdman ölkələr arasında dostluq, qardaşlıq əlaqələrini möhkəmləndirir, beynəlxalq arenalarda idmançılarımızın qazandıqları uğurlar ölkəmizin nüfuzunu daha da artırır. Bütün bunlar idmanın nə qədər əhəmiyyət daşıdığının göstəricisidir.
Paralimpiya ailəsi adından təbrik edir və uğurlar arzulayırıq!


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013