Xəbərlər
Milli Paralimpiya Komitəsində Bakı-2015 Avropa oyunlarına hazırlığın vəziyyəti müzakirə edilmişdir.
2015-05-26

26 may 2015-ci il tarixində Sumqayıt Paralimpiya İdman kompleksində Milli Paralimpiya Komitəsi İcrayə Komitəsinin iclası keçirilmişdir. 

İclasda Bakı-2015 Avropa Oyunlarına hazırlıq, ARMPK-nin 20 illik yubileyinin təntənəli qeyd edilməsi ilə əlaqədar olaraq tədbirlər planının təsdiq edilməsi və ARMPK-nın atletika üzrə Milli komandasının baş məşqçisi barədə məsələlər müzakirə edilmişdir.
ARMPK-nın prezidenti cənab İlqar Rəhimov iclası acaraq qeyd etdi ki, bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə ciddi hazırlaşır. İlk dəfə keçiriləcək bu yarışlara hazırlıq işləri yüksək sürətlə və keyfiyyətlə davam edir. Sevindirici haldır ki, oyunların proqramına para-cüdo idman növü də daxildir. Fürsətdən istifadə edərək paralimpiya idman növünü oyunlara daxil etdiyinə görə Azərbaycanın birinci xanımı, I Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya paralimpiyaçılar adından təşəkkürmüzü bildiririk. Azəbaycan Dövlətinin əsas prioritetlərindən olan bədən tərbiyəsi və idman sahəsi, o cümlədən əlil idmanının inkişafı dövlət başçısı, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə paralimpiya hərəkatı sürətlə inkişaf edir. 
I Bakı 2015 Avropa Oyunlarında cudo idman növündə 8 nəfər - 57 kq çəkidə, 8 nəfər isə +100 kq çəki dərəcəsində olmaqla 16 nəfər paralimpiyaçı yarışacaqdır.Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Fransa,Türkiyə , Macarıstan, İspaniya, Almaniya, İngiltərə və Yunanıstandan olan idmançılar öz güclərini sınayacaqlar. +100 kq cəkidə kişilər, 57 kq çəkidə qadınlar yarışacaqlar . Ölkəmizi +100 kq çəkidə ikiqat paralimpiya çempionu, ikiqat Dünya çempionu , 5 qat Avropa çempionu İlham Zəkiyev və Avropa çempionatının üçüncüsü Zakir Mislimov, 57 kq çəkidə isə Avropa çempionatının və Dünya kubokunun ikincisi, gənclər arasında dünya kubokunun qalibi olan Səbinə Abdullayeva təmsil edəcəkdir. Bu günkü iclasda biz idmançılarımızın Avropa Oyunlarına hazırlıq vəziyyəti və gündəlikdə duran digər məsələləri müzakirə edəcəyik. 
Bakı 2015 Avropa Oyunlarına idmançıların hazırlığı barədə ARMPK-nin baş katibi Afiq Süleymanov, cüdo idman növü üzrə milli komandanın baş məşqçisi İbrahim İbrahimov, idmançılar İlham Zəkiyev və Zakir Mislimov geniş məlumat verərək qeyd etdilər ki, idmançılarımız üçün bütün şərait yaradılmış, respublikada və xaricdə müvafiq təlim məşq toplantılarında iştirak etmişlər. Hazırda bu məşqlər davam etdirilir. 
ARPMK-nin 20 illik yubileyinin təntənəli qeyd olunması barədə ARMPK-nin birinci vitse prezidenti Natiq Qasımov məlumat verərək bildirdi ki, 09 fevral 2016-cı il tarixində Paralimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur. Komitənin 20 illik fəaliyyətinin işıqlandırılması və əhali arasında paralimpiya dəyərlərinin təbliğ olunması məqsədi ilə tədbirlər planı hazırlamışdır. O, plana əsasən həyata keçiriləcək tədbirlər haqqında geniş məlumat verdi. 
ARMPK-nin vitse prezidenti Şaiq Həmidov çıxış edərək bildirdi ki, Komitənin Atletika üzrə milli komandasının baş məşqçisi Sergey Təhməzov səhhəti ilə əlaqədar olaraq həmin vəzifədən azad olunması barədə Komitəyə ərizə ilə müraciət etmişdir. 
İclasın gündəliyində duran məsələlər müzakirə edilərək müvafiq olaraq I Bakı 2015 Avropa Oyunlarına hazırlıq vəziyyətinin yüksək qiymətləndirilməsi, ARMPK-nin 20 illik yubileyinin təntənəli qeyd edilməsi ilə əlaqədar tədbirlər planının təsdiq edilməsi, Atletika üzrə baş məşqçi Sergey Təhməzovun səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad edilməsi və Komitənin baş katibi Afiq Süleymanovun eyni zamanda Atletika üzrə milli komandanın baş məşqçisi təyin edilməsi barədə qərar qəbul edilmişdir.
Müzakirələrdə İcraiyyə Komitəsinin üzvlər Aydın Məmmədov, Natiq Qasımov, Şaiq Həmidov, Afiq Süleymanov, İlham Zəkiyev, Mehdi Əhmədov məşqçilərdən İbrahim İbrahimov, Əfqan Əhmədov, Sergey Təhməzov, Oqtay Şaxtaxtinski, iştirak etmişlər.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013