Xəbərlər
I Uşaq Paralimpiya Oyunları
2015-11-06

Noyabrın 6-da Sumqayıt Paralimpiya İdman Kompleksində I Uşaq Paralimpiya İdman Oyunları keçirilib. Respublikamızda ilk dəfə keçirilən yarışlar Milli Paralimpiya Komitəsi və "Azercell" Telecom MMC-nin birgə təşkilatçılığı ilə reallaşıb.

Yarışlara Bakı və Sumqayıt şəhərlərindən, həmçinin Ağdaş və Şəki rayonlarından sağlamlıq imkanları məhdud 50-yə yaxın uşaq qatılıb.

Açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Andro Şilakadze, Milli Paralimpiya Komitəsinin prezidenti Ilqar Rəhimov, "Azercell" Telecom MMC-nin prezidenti Vahid Mürsəlimov, ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli İlham Zəkiyev və Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri Natiq Qasımov yarış iştirakçılarını təbrik ediblər. Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürüb. 2013-cü ilin sentyabr ayında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Açılış mərasimindən sonra oyunlara start verilib. Uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) güclərini sınayıblar. Cüdo üzrə müxtəlif çəki dərəcələrində Sumqayıt idmançıları İlkin Zəkiyev, İsmayil Tapdıqlı, Polad Poladov, Gülnar Gereyeva, Səbinə Abdullayeva birinci yeri tutublar. Üzgüçülük yarışlarında isə üstünlük Bakı idmançılarında olub. İmran Cəfərzadə, Sənan Ələsgərov, Şamil Şaxov, Fərid Novruzzadə (Sumqayıt) fərqləniblər. Masaüstü tennis üzrə Aytac Qasımova (Bakı) və boccia üzrə Rüfət Bayramov (Bakı) oyunların çempionu olublar.

Yarışın qalibləri və mükafatçılar Milli Paralimpiya Komitəsinin diplom, medal və kuboku, həmçinin "Azərcell" Telekom MMC-nin qiymətli hədiyyələri ilə təltif olunublar. 


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013