Xəbərlər
Sadıq Sadıqov Milli Paralimpiya Komitəsinin “Paralimpiya medalı” ilə təltif olundu
2015-11-12

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi İdman Klubu" İctimai Birliyinin inzibati binasına gələrək klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər. İlk öncə Şaiq Həmidov çıxış edərək onu 50 illik yubileyi münasibətilə təmsil etdiyi komitənin kollektivi adından təbrik etdi. Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən geniş söhbət açdı və onun fəaliyyətini yüksək qiymətləndirdi. Yubilyarın ömrünün böyük bir hissəsinin "Neftçi İdman Klubu" ilə bağlı olduğunu vurğulayan natiq, onun idmandakı xidmətlərinə görə dövlət başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd etdi. O, Sadıq müəllimi həm də gözəl dost və xeyirxah insan kimi dəyərləndirərək ona cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər arzu etdi.

Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırdılar, haqqında dəyərli fikirlər səsləndirdilər.

Ardınca Şaiq Həmidov Sadıq Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən "Paralimpiya medalı" ilə təltif olunduğunu söylədi və mükafatı yubilyara təqdim etdi.

Tədbirin sonunda Sadıq Sadıqov ona göstərdikləri diqqətə görə Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söylədi.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013