Xəbərlər
BEYNƏLXALQ PARALİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ PARALİMPİYAÇILARIMIZI TƏBRİK ETDİ.
2016-02-01

Azərbayan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibəti ilə əlaqədar Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Ser Filip Krevenin təbrik məktubu.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaranmasının 20-ci il dönümü münasibətilə səmimi təbriklərimi çatdırmaq fürsəti əldə etdiyim üçün məmnunam. Son 20 ildə paralimpiya idmanının vüsətli inkişafı hər birimiz üçün ilham mənbəyinə çevrilib. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar həm də dövlətin əlillər qarşısında üzərinə götürdüyü öhdəliklərin nəticəsidir. AMPK ilə əməkdaşlıqda əhalinin məlumatlandırılması və maarifləndirilməsi, cəmiyyətin bütün təbəqələrinin əldə etdiyi nailiyyətlər bunu əyani nümayiş etdirir. Azərbaycan ildən-ilə qəlbinin idman hərarətini vüsətlə artırır və hər il yeni idman yarışları təşəbbüsü ilə bunu təsdiq edir. 2015-ci ilin iyun ayında Bakıda BPK-nın vitse-prezidenti Endrü Parsonsun da əyani izlədiyi birinci Avropa Oyunları Azərbaycanın bu sahədə artan nüfuzunun daha bir sübutu oldu. Xüsusən Oyunların proqramına gözdən əlil idmançılar arasında cüdo yarışlarının daxil edilməsi məni hədsiz sevindirdi. Final görüşlərini Prezidentinizin və Birinci xanımın canlı izləməsi, həmçinin arenadakı tamaşaçı izdihamı İlham Zəkiyevi ev sahibi ölkəyə tarixi qızıl medalı qazandırmağa ruhlandırdı. İdmançılarınız ölkənizdə paralimpiya hərəkatının genişlənməsində əsas rollardan birini oynayırlar. Lakin onlar bu nailiyyətlərə yalnız öz təşəbbüsləri ilə çata bilməzlər - təşkilatınızın liderliyi və dəstəyi çox vacibdir. Bütün öhdəliklərə əməl etdiyinə görə, AMPK-ya dərin təşəkkürümü bildirirəm. Nailiyyətlərinizlə, ələlxüsus son 5 ildə beynəlxalq əlaqələrdəki, dövlətlə və ictimai-sosial mühitlə əməkdaşlıqdakı, cəmiyyətin səfərbər edilməsi və maarifləndirilməsindəki irimiqyaslı işlərinizlə qürur duya bilərsiniz. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması onların reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında idmanın bütün gücündən istifadəyə şərait yaradan nəhəng addım idi. BPK adından bu tarixi layihəni həyata keçirdikləri üçün azərbaycanlı həmkarlarımı təbrik edir və minnətdarlığımı bildirirəm. Ötən il Berlində BPK-nın 25-ci il dönümünü qeyd etdik və paralimpiya ailəsinin digər üzvləri ilə yanaşı, AMPK nümayəndələrini də qarşıladığım üçün məmnun qaldım. 1989-cu ildə təsis edilmiş BPK-nın ilk gündən qarşısına qoyduğu mühüm vəzifə paralimpiya hərəkatını vahid, mötəbər və inkişaf edən bir təşkilat ətrafında birləşdirərək, Paralimpiya Oyunlarını dünyada mühüm idman hadisələrindən biri etməyə səylə çalışmaq idi. Bu gün Paralimpiya Oyunları bilet satışı baxımından dünyanın üçüncü böyük və geniş kütlə tərəfindən qəbul edilmiş daha çox sosial dəyişikliklər gətirən ən irimiqyaslı idman hadisəsi sayılır. Bunlara yalnız BPK üzvlərinin özlərini həsr etdikləri ideallar, iş və öhdəliklərə riayət etməsi, dünyanı coşdurub gələcəyə ruhlandıran idmançıların bənzərsiz əməyi sayəsində nail olunub. Əminəm ki, AMPK bütün nailiyyətlərini idarə heyətinizin və özünü bu işə həsr etmiş komandanızın üzərinə götürdüyü öhdəliklərə sərf etdiyi səriştə və bacarıq sayəsində əldə olunub. Dostum və həmkarım - AMPK-nın prezidenti cənab İlqar Rəhimovu və onun timsalında Azərbaycan paralimpiya hərəkatı ailəsinin üzvlərini səmimi qəlbdən təbrik edirəm. Hər birinizə bu yubileyi təşkilatınızın ötən 20 ildə əldə edilən nailiyyətlərlə qürur duyaraq qeyd etməyi, qarşıdakı illərdə isə daimi yüksəliş, tərəqqi və inkişaf arzulayıram.
Dərin hörmətlə, 
Ser Filip Kreven


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013