Xəbərlər
Naxçıvan MR-da Paralimpiya Festivalı keçirilmişdir
2016-05-16

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən festivalın ilk günündə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra festival iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olaraq onlar haqda ətraflı məlumat alıblar.

Festivalın açılışında paralimpiyaçılar dünya şöhrətli cüdoçu İlham Zəkiyevin dalğalandırdığı bayraq altında zala daxil olublar. Paralimpiyaçılarımızın dünya miqyasında uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib, muxtar respublika Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinin balaca gimnastlarının nümunəvi çıxışları olub.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov bildirib ki, məhdud fiziki imkanlı şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2006-cı ildə muxtar respublikada Paralimpiya Federasiyası yaradılıb. 2006-2015-ci illər ərzində federasiyanın təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda fiziki imkanları məhdud olan yüzlərlə idmançı öz bacarıq və qabiliyyətini sınayıb. İdmançılara yaradılan hərtərəfli şərait, onlara göstərilən dövlət qayğısı paralimpiyaçılarımızın beynəlxalq yarışlarda uğurlarını artırır. Cavid Səfərov 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Paralimpiya İdman Festivalının keçirildiyini xatırladaraq növbəti festivalın iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsi İdarə Heyətinin sədri Natiq Qasımov çıxışında bildirib ki, 20 illik tarixə malik Azərbaycan paralimpiya hərəkatının yaranması Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli liderimizin, ümumilikdə, idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizin adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması bu sahədə atılan ən mühüm addımlardan biridir.

Natiq Qasımov qeyd edib ki, Milli Paralimpiya Komitəsi bu hərəkatın respublikanın bütün regionlarında inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bugünkü tədbirin də əsas məqsədi paralimpiya hərəkatına yüksək dəyər verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək və paralimpiya dəyərlərinin təbliğinə töhfə verməkdir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yarış iştirakçılarına uğurlar arzulayaraq qeyd edib ki, ölkəmizdə idmana hərtərəfli diqqət və qayğı göstərilir. Bu gün əminliklə demək olar ki, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviliyi təmin edilib. Ölkəmizdə müasir idman infrastrukturunun yaradılması uşaq və yeniyetmələrdə, gənclərdə idmana marağın artmasına səbəb olub. Bu istiqamətdə aparılan işlər muxtar respublikada da uğurla həyata keçirilib, idman infrastrukturu yeniləşdirilib. Son illərdə bütün idman növləri kimi, paralimpiya idman növləri üzrə də yarışlarının keçirilməsi, idmançıların beynəlxalq və digər yarışlarda iştirakının təmin olunması diqqətdə saxlanılan məsələlərdəndir.

İkiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, Avropa oyunları çempionu, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatçısı, "Şöhrət" ordenli İlham Zəkiyev olimpiya oyunlarında və digər mötəbər yarışlarda qələbə qazanıb ölkəmizin bayrağını ucaldan, himnimizi səsləndirən idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya idman növləri üzrə yarışlar keçirilib. Yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub.

Əsl idman bayramına çevrilən festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya Federasiyasının, ümumilikdə, 106 məşqçi və idmançısı iştirak edib.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013