Xəbərlər
Azərbaycanda Paralimpiya hərəkatının yaranmasından 21 il ötür.
2017-02-09

Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. Həmin gün Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilmişdi, Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilmişdir.

İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulamışdır.
2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində umummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yola salma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə ümummilli liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni , beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması , əksinə onlara daim diqqət və qayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfü deyil ki, cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırmışdır. Eyni zamanda elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilatı məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.
2008-ci ilin avqust ayının 28-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq , Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, İdmançılarımız mənzillər , minik avtomobilləri ilə təmin olunurlar.
Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikamızda paralimpiya hərəkatı genişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 13-ə çatdırılmışdır.
27 sentyabr 2014 - cü il tarixində Beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK - nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılmışdır. Komitənin yaradılmasında məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Beynəlxalq əlaqələr genişləndirimiş, bir sıra beynəlxalq idman təşkilatları və ölkələrin Milli Paralimpiya Komitələri ilə əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.
21 il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsi 6 Yay Paralimpiya Oyunlarında iştirak etmişdir. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr götərərək 48 medal qazanmışlar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır. İdmançılar arasında 7 Paralimpiya çempionu vardır ki, onlardan İlham Zəkiyev və Oleq Panyutin ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə idmançılardan 7 nəfəri Dünya, 14 nəfəri Avropa çempionu və 7 nəfər Dünya Oyunlarının qalibləridir.
Məlum olduğu kimi cari ilin may ayında Bakıda IV İslam Həmirəyliyi Oyunları keçiriləcəkdir. İlk dəfə olaraq həmin Oyunlarda Paralimpiyaçı idmançılar da iştirak edəcəklər. Paralimpiyaçılar cüdo və atletika idman növlərində keçirilən yarışlarda öz qüvvələrini sınayacaqlar. Ölkəmizi cüdo idman növundə dördü qadın olmaqla, 12 nəfər idmançı, atletika idman növündə isə ikisi qadın olmaqla 15 nəfər paralimpiyaçı idmançılarımız təmsıl edəcəkdir. Hazırda idmançılarımız Oyunlarda yüksək nəaliyyətlər əldə etmək üçün, ciddi hazırlıq prosesi keçirlər. Bununla yanaşı Milli Paralimpiya Komitəsi 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak üçün hazirliq işlərinə başlamışdır. İlkin olaraq Komitə tərəfindən müvafiq kadr islahatları aparılmış və "Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət planı" hazırlanmışdır. Planda Milli Paralimpiya Komitəsinin növbəti dörd il ərzində görəcəyi işlərin istiqamətləri öz əksini tapmışdır.

21 il ərzində əldə olunmuş nailiyyətlərdə Milli Paralimpiya Komitəsinə ölkə başçısı cənab İlham Əliyev başda olmaqla, Heydər Əliyev Fondunun prezidentı xanım Mehriban Əliyeva, Gənclər və İdman nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Neftçı idman klubu, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP Azərbaycan şirkəti, AERCELL Telekom MMC, Qeyri hökümət təşkilatları, Kütləvi infomasiya vasitələri yaxından dəstək olmuşlar.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013