Xəbərlər
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin iclası
2017-05-04

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin ( ARMPK) İCLASI IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili tarixi hadisədir. Bu Oyunlar çərçivəsində paralimpiyaçı cüdoçu və atletlər də birincilik uğrunda mübarizə aparacaqlar. Biz bunun üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əlil idmanı bu mötəbər yarışın proqramına salınıb. Bu sözləri Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iyunun 4-də Bakıda paralimpiyaçılarımızın IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə əlaqədar təşkil olunan tədbirdə deyib. Ölkəmizdə Paralimpiya hərəkatının inkişafına göstərilən dövlət qayğısından danışan ARMPK-nın prezidenti paralimpiya yığmamızın "Bakı-2017"də güclü heyətlə qatılacağını diqqətə çatdırıb. Bildirib ki, idmançılarımızın mötəbər yarışa hazırlığı üçün komitə tərəfindən hər cür şərait yaradılıb. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil olunması atletlərimizin məsuliyyətini daha da artırır. Doğma azarkeşlər önündə çıxış edərək qazanılan medallarla xalqımızı sevindirmək hər bir idmançımızın arzusudur. "IV İslam Həmrəyliyi Oyunlarında 19 ölkədən 93 paralimpiyaçı birincilik uğrunda mübarizə aparacaq. Oyunlara İslam ölkələrindən ən güclü paralimpiyaçılar qatılacaqlar. Yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. Cüdoçularımızın rəqibləri sırasında Avropa və dünya çempionatının, həmçinin Paralimpiya Oyunlarının qalib və mükafatçıları yer alırlar. Ancaq biz paralimpiyaçılarımızın gücünə inanırıq", - deyə İlqar Rəhimov əlavə edib. Sonra ARMPK-nın prezidenti IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin heyətini açıqlayıb. Atletika yarışlarında millimizin heyətində Elçin Muradov, Nurlan İbrahimov, Elmir Cəbrayılov, Ülvi Şıxəliyev, Kamil Əliyev, Teymur Qasımov, Zeynidin Bilalov, Rasim Babayev, Samir Nəbiyev, Oloxan Musayev, Vladimir Zayets, İslam Qəhrəmanzadə, İradə Əliyeva, Yelena Çebanu, Oleq Panyutin və Zeynal Misgərli çıxış edəcəklər. Cüdo yarışlarında isə İlham Zəkiyev, Kənan Abdullaxanlı, Rövşən Səfərov, Tofiq Məmmədov, Ramil Qasımov, Elçin Talıbov, Natiq Talıbov, Bayram Mustafayev, Sevda Vəliyeva, Afaq Sultanova, Ramilə Kaştayeva və Turanə Ağayeva güclərini sınayacaqlar. ARMPK-nın baş katibi Şaiq Həmidov paralimpiya yığmamızın iştirak etdiyi təlim-məşq prosesi barədə ətraflı məlumat verib, idmançılarımızın hazırlıq prosesi çərçivəsində qatıldıqları beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdən danışıb. Qeyd edib ki, cari ilin əvvəlindən bu iki idman növünə diqqət daha da artırılıb. İdmançılar üçün həm respublika daxilində, həm də xaricdə təlim-məşq toplanışları təşkil olunub, paralimpiyaçılarımızın müxtəlif beynəlxalq yarışlarda iştirakı təmin edilib. İdmançılarımızın hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Heyətdə heç bir idmançımızın zədəsi yoxdur. Komitənin şöbə müdiri Kamal Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi arenalarda, idmançıların məskunlaşacağı Atletlər kəndində fiziki məhdudiyyətli şəxslər üçün lazımi şəraitin yaradıldığını, bu sahədə ölkəmizin böyük təcrübəyə malik olduğunu bildirib. İştirakçılara IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən fiziki məhdudiyyətli könüllülərin hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Tədbir yığma komandaların baş məşqçilərinin məruzələri ilə davam edib. IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında 29, atletikada isə 64 idmançı birincilik uğrunda yarışacaq. Yığma komandamız bu yarışa 28 idmançı ilə qatılacaq. Atletika yarışlarında 14 kateqoriya üzrə 16, cüdoda isə 6 çəki dərəcəsində 12 idmançımız medallar uğrunda mübarizə aparacaq.


Bütün hüquqlar qorunur.Azərbaycan Paralimpiya Komitəsi.2013